Məlumdur ki, ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası məhz milli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin fəaliyyəti dövründə, 12 noyabr 1995-ci ildə, qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilib. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə hakimiyyətin əksmərkəzləşməsi prosesinə start verildi. Milli liderimizin səyi ilə dövlət quruculuğu sahəsində aparılan islahatlar nəticəsində və Avropa Şurasının təklifləri nəzərə alınmaqla ölkəmizdə bələdiyyə institutu yaradıldı. Milli lider Heydər Əliyev öz çıxışlarında bələdiyyə institutunun yaranmasına, bu sistemin fəaliyyətinə belə münasibət bildirirdi:
"Bələdiyyə seçkiləri Azərbaycanda ilk dəfə keçirilir. Bələdiyyələrin yaranması və onlara seçkilərin keçirilməsi barəsində 1995-ci ildə müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyada müvafiq müddəalar öz əksini tapıbdır. Buna görə də bələdiyyələrin təşkil olunması və onun üçün seçkilərin keçirilməsi öncə Azərbaycan Konstitusiyasının əsasındadır və Konstitusiyanın müddəalarının həyata keçirilməsini göstərir". Digər bir çıxışında milli lider belə bir məqama da toxunub: "Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidir…. Yerli idarəetmə orqanları isə yerlərdə onların səlahiyyətləri çərçivəsində, qanun çərçivəsində çox işlər görə bilərlər. Bələdiyyələr dövlətin də gördüyü işlərin böyük bir hissəsini öz üzərilərinə götürəcək, dövlətin də yükünü müəyyən qədər yüngülləşdirəcəklər. Ona görə bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyəti bizim cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün çox vacibdir".
Göründüyü kimi, ümummilli liderimiz tərəfindən yerli özünüidarəetmə orqanlarının yaradılmasının həm də əhalinin sosial, mədəni və məişət problemlərinin kompleks şəkildə həllinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi baxımından zəruriliyi gündəmə gətirilib. Vətəndaş cəmiyyətinin əsas atributlarından sayılan yerli özünüidarə orqanlarını elə təşkil etmək tələb olunurdu ki, insanlar öz həyat fəaliyyətində yerli özünüidarəetmə orqanlarının varlığını və zəruriliyini hiss etsin.
Məhz milli liderin tövsiyəsi və xeyir-duası ilə formalaşan və fəaliyyətə başlayan bələdiyyələr artıq 8-ci ildir ki, yerli özünüidarəetmə qurumu kimi özünü təsdiq etməkdədir. Ötən illərin təcrübəsi onların təşəkkül taparaq əhali arasında yüksək nüfuz qazanmasını şərtləndirib. Həmin müddət ərzində bələdiyyələri təmsil edən qurumlar ictimaiyyətdə yerli özünüidarəetmə orqanları barədə müəyyən təəssürat yarada biliblər. Onların bir çoxu isə istər dünya, istərsə də yerli təcrübədən yararlanaraq işini günün tələbləri səviyyəsində qurmağı bacarıb. Bu cür yerli özünüidarəetmə qurumlarından biri də M.Ə.Rəsulzadə bələdiyyəsidir.
M.Ə.Rəsulzadə bələdiyyəsinin artıq yeni saytı Sizlərə təqdim edilir. Sayta baxan hər bir şəxsi əməkdaşlığa dəvət edir və inanırıq Sizlərin təklif və tövsiyələri nəticəsində bələdiyyəmizin fəaliyyəti bundan sonra daha da səmərəli olacaq, o cümlədən üzərimizə götürdüyümüz tapşırıqları layiqincə yerinə yetirə biləcəyik.